Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub

Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub Sentyabrın 15-də Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Məsud Babayev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli təhsil strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışan məktəb direktoru diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha əzmlə çalışmağa sövq edir. Rəhbərlik etdiyi məktəbin yaranma tarixindən danışan M.Babayev vurğulayıb ki, 1966-cı ildən fəaliyyət göstərən bu təhsil ocağı hazırda bütün ixtisas müəllimləri ilə təmin olunub.
Məktəbin direktoru bildirib ki, yeni tədris ilinin ilk günündə bu təhsil ocağında 202 şagird üçün ilk zəng çalınacaq. Onlardan 164-ü Azərbaycan, 38-i isə rus bölmələrində təhsil alacaqlar. M.Babayev deyib: “Ötən tədris ili məktəbimiz üçün bir sıra uğurlarla yadda qalıb. Belə ki, ötənilki tədris ilini bitirən məzunların 72 faizi ali təhsil ocaqlarına qəbul olunub. Onlardan dördü ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, məzunlarımızdan bir neçəsi təhsillərini xarici ölkələrin tanınmış universitetlərində davam etdirəcəklər. Həmçinin builki məzunlarımızdan biri məktəbi qızıl medal, dördü isə fərqlənmə attestatı ilə bitirib, bir nəfər isə respublika olimpiadasında ikinci yerə layiq görülüb. Əminəm ki, yeni tədris ili ötən illərlə müqayisədə məktəbimiz üçün daha uğurlu olacaq”.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva yeni dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Vurğulanıb ki, son illər təhsildə qazanılan bütün uğurlar Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Birinci sinif şagirdləri öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə ediblər.
Valideynlər adından çıxış edən Mətanət Şəkinskaya dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda məktəbin rəmzi açarı birincilərə təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər