İndeksli jurnallarda necə dərc olunmalı?

İndeksli jurnallarda necə dərc olunmalı? Jurnalların Scopusda qeydiyyatdan keçməsi, ümumiyyətlə, jurnal haqqında elmi ictimaiyyət arasında müsbət rəy formalaşdırır. Bununla da jurnalın qapıları dünyanın elmi ictimaiyyətinin üzünə açılılır. Amma bu o demək deyil ki, Scopus sizi hər zaman öz sırasında saxlayacaq. Bunun üçün jurnal onun tələblərinə daim əməl etməli, qiymətləndirmələrdən üzüağ çıxmağı bacarmalıdır.
İndi isə jurnalın fəaliyyətində əsas istiqamət təşkil edən bəzi mühüm məsələlərə diqqət yetirək. Bunlardan biri məqalənin annotasiyasının ingilis dilində yazılmasıdır. Məqalənin annotasiyası nə üçün məhz ingilis dilində olmalıdır? Ona görə ki, ingilis dili elm aləmi, həmçinin Scopus istifadəçiləri üçün əsas dil hesab edilir. Buna görə də Scopusda təqdim olunan bütün məzmun (başlıq, açar sözlər, və annotasiya) ingilis dilində olmalıdır. Bununla yanaşı, Scopusdakı məzmunun indeksləşdirilməsi və emalı da ingilis dilinə əsaslanmalıdır. Amma Scopusa daxil olan jurnallarda dərc olunan məqalələrə diqqət yetirdikdə onların müxtəlif dillərdə çap olunduqlarını görmək mümkündür. Hazırda Scopus jurnallarında 40 müxtəlif dildə nəşr yayımlanır. Deməli Scopus jurnallarına təqdim edilən məqalələr müxtəlif dillərdə yazıla bilər. Araşdırmalar göstərir ki, bir çox jurnalların ingilis dilində internet saytları da var və bu saytlarda jurnallar öz səhifələrində dərc olunmuş məqalələrin ingilis dilində versiyalarını yerləşdirirlər. Bu da öz növbəsində müxtəlif elm sahələri üzrə mütəxəssislərin araşdırma aparmasına, öz həmkarları ilə əməkdaşlıq etməsinə imkan verir.
Bu məqamda Scopus jurnallarının digər üstünlüklərindən də bəhs etmək yerinə düşər. Onlardan biri də budur ki, Scopus hər bir məqalədə istifadə edilən ədəbiyyatın tam siyahısını özündə cəmləşdirir. İstifadə olunan ədəbiyyatda jurnalın adını REFSRRCTİTLE-dən istifadə edərək Advanced Search-də axtarılır. Sonra “İstifadə edilmiş ədəbiyyata baxış” (View References) seçilir və oxucunu maraqlandıran jurnalın axtarış nəticələrini əldə etmək üçün SRCTİTLE-dən istifadə olunur. Bu zaman sözügedən məqalələrin və onlara istinadların siyahısı əldə olunur.
“Sitat” nədir?
Naşirləri bəzən belə bir sual düşündürür: Konfrans materialları Scopusa daxil edilə bilərmi? Bu sualın cavabı birmənalı olaraq belədir: o halda daxil edilə bilər ki, onlar dövri olaraq nəşr olunsun və Scopusun bütün meyarlarına cavab versin. Konfrans materialları da jurnallar kimi eyni qaydada rəydən keçirilir.
Bəs jurnal redaktorları üçün, ümumilikdə resurs mənbələri hansılardır, onlar Scopusla əlaqələr yaratmaq, jurnalın fəaliyyətini bu istiqamətə yönəltmək üçün lazımı məlumatları haradan almalıdırlar? Beləliklə, diqqət yetirək: “Elsevier Editor səhifəsi”, “Nəşriyyat işində baş verən son dəyişikliklər və ekspertlərin faydalı məsləhətləri”, “Elsevier redaktorları üçün yeniləmələr, nəşr işindəki dəyişikliklər, onların fəaliyyətinə təsir edən yeni prinsiplər və təşəbbüslər haqqında məlumatlar”, “Redaktorların yayım etikasına riayət etməsinə yardım edən onlayn resurs”, “Elmi Nəşrlərin Əxlaq Komitəsi”, “Scopus bloqu”... Bu baza və məlumat hesablarında redaktorlar və müəlliflər onlara lazım olan məsləhət və tövsiyələr, eləcə də Elseiver haqqında son yenilikləri əldə edə bilərlər. Əslində bu resurslar Elseiver jurnallarının redaktorları üçün nəzərdə tutulsa da, onlar ictimaiyyətə açıqdır və dünyanın bütün nöqtələrindən redaktorlar bunlardan istifadə edə bilərlər.
Bəs, müəlliflər üçün mühüm əhəmiyyət daşıyan sitat nədir? Sitat müəllif üçün ən əsas göstərici hesab olunur. Bəzən məqalələrdə belə bir nüansla qarşılaşırıq. Məqalənin sonunda göstərilən ədəbiyyat siyahısının yazılan məqalə ilə bilavasitə əlaqəsi olmur. Müəllif ədəbiyyat siyahısında hər hansısa bir əsərin adını göstərir, amma konkret olaraq, məqalədə həmin əsərdə istinad etdiyi məqamları vurğulamır. Sitatın əhəmiyyəti həm məqalənin müəllifi, həm də sitat gətirilən müəllif üçün böyükdür. Məqalədə nə qədər çox sitat olarsa, bu məqalə araşdırmaçılar üçün bir o qədər əhəmiyyətli hesab olunur. Sitatlar tədqiqatçıları daha çox mənbələrdən istifadə etməyə istiqamətləndirir. Bu, olduqca önəmli faktordur.
Yerli və regional jurnal nə deməkdir?
Yerli və regional jurnal xüsusi bir bölgəyə və ya ölkəyə ünvanlanmış jurnaldır. Belə jurnalların müəllifləri, oxucuları və redaksiya heyəti bir qayda olaraq müəyyən bir bölgə və ya ölkəyə aid olur. Bu cür jurnallar adətən nəşr edildiyi ölkənin dilində dərc olunur. Bu o deməkdir ki, belə jurnalların oxucuları nəşr olunan ölkədə yaşayan istifadəçilərlə və ya müvafiq dili danışan beynəlxalq alimlərlə kifayətlənir. Müəyyən bir bölgə və ölkəyə istiqamətlənən və müvafiq materialları özündə əks etdirən jurnallar beynəlxalq jurnallarla da rəqabət apara bilə, qlobal elmi cəmiyyətə töhfə verə bilər.
“H index” və ya “Hirç indeksi” nədir?
“H index” və ya “Hirç indeksi” ABŞ-ın San-Dieqo şəhərindəki Kaliforniya Universitetinin əslən Argentinadan olan fiziki Jorge Hirç tərəfindən 2015-ci ildə irəli sürülən elmi dəyərləndirmə göstəricisidir. “Hirç indeksi”ni müəyyən etmək üçün nəzərdən keçirilən məqalələr onlara edilən istinadların sayı ilə xarakterizə olunur. Məqalələrin istinad sayı nömrə ilə qeyd edilir. Bu nömrələr də məhz “Hirç indeksi” adlanır. Məsələn “Hirç indeksi”nin 20 olduğu təqdirdə, müəllifin ən azı 20 məqaləsinin və ondakı istinadların sayının 20 olduğu başa düşülür.
Scopus jurnalına daxil olmaq üçün ərizə verməzdən əvvəl redaktor hansı işləri görməlidir?
Öncə jurnalın minimum meyarlara cavab verdiyinə əmin olmaq lazımdır. Jurnal qoyulan tələblərə cavab vermirsə, onun hansı spesifik tələbləri yerinə yetirmədiyini müəyyən etmək vacibdir. Jurnalı Scopus-a təqdim etməzdən əvvəl, əmin olmalıyıq ki:
* Jurnaldakı materialların hamısı rəydən keçirilib;
* Jurnal ISSN Beynəlxalq Mərkəzində qeydiyyatdan keçmiş bir ISSN qeydiyyat nömrəsinə malikdir;
* Jurnalda dərc olunan məqalələrin adları və annotasiyası ingilis dilindədir;
* İstifadə olunan ədəbiyyata istinadlar latın transkripsiyasında göstərilir;
* Jurnalda etik və ədalətsiz nəşriyyat təcrübələrini yayımlamaq barədə bir bəyanat var;
* Jurnalın adı unikal və informativdir, digər jurnallar tərəfindən bu ad istifadə edilmir;
* Jurnal ən azı iki il nəşr olunmalıdır;
* Jurnalın son üç buraxılışı və ya jurnalın məzmununu təşkil edən 9 məqalə PDF formatında olmalıdır;
* Jurnalın baş redaktoru göstərilir. Baş redaktor jurnalın rəydən keçirilməsi və idarə olunması üçün məsuliyyət daşıyır;
* Baş redaktorun peşə fəaliyyətini əks etdirən şəxsi web səhifəsi olmalıdır. Orada onun hazırki və əvvəllər çalışdığı peşə fəaliyyəti, bu illərdə əldə etdiyi uğurları, çalışdığı təşkilatların siyahısı, mükafatları və qrantları göstərilməlidir.
* Scopus-a daxil olmaq üçün jurnal xüsusi rəydən keçməlidir.
ARDI VAR.
Böyükağa Mikayıllı

Mənbə:
1. https://openscience.in.ua
2. http://www.rad.pfu.edu.ru
3. http://science-center.ru
4. https://kpfu.ru/library
5. http://www.elsevierscience.ru
6. https://clarivate


Oxşar xəbərlər