“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı!

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı! Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilir.
Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır.
İdeyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək.
Layihə çərçivəsində təlim kursları 4 bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər. Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. DVC-nin məqsədi müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007 və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC, “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyası”nın (INBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 140 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda eksklüziv nümayəndəsi və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Layihədə iştirak etmək üçün: www.sahna.dvc.az qeydiyyatdan keçməyiniz mütləqdir. Əlaqə vasitələri: 050 497 44 55| [email protected]

Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer


Oxşar xəbərlər