“Ali Pedaqoji İnstitutun salnaməsi” kitabı çapdan çıxıb

“Ali Pedaqoji İnstitutun salnaməsi” kitabı çapdan çıxıb 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təşəbbüsü ilə universitetin tarixinin dərindən araşdırılmasına başlanılıb. İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun ilk mənbələr və zəngin arxiv sənədləri əsasında ərsəyə gətirdiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019) kitabı bu qəbildəndir. Professor bu istiqamətdə tədqiqatlarını dərinləşdirərək “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020) kitabının da nəşrinə nail olub.
Nəşrin layihə rəhbəri universitetin rektoru, professor Cəfər Cəfərov, elmi redaktoru professor Yaqub Babayevdir. Tərtib, əski əlifbadan transliterasiya, izahlar professor Fərrux Rüstəmova aiddir. O, həm də kitaba geniş “Ön söz” yazıb.
İnstitutun ilk buraxılışı münasibətilə 1924-cü ildə əski əlifba ilə nəşr olunmuş “Ali Pedaqoji İnstitutun salnaməsi”, təəssüf ki, tədqiqatlardan kənarda qalıb.
“Ön söz”də müəllif Pedaqoji İnstitutun açılması uğrunda ziyalıların (F.Rzabəyli, A.Şaiq, H.Mahmudbəyov, M.Əfəndiyev, S.Hüseynov, C.Cuvarlı, R.Cəfərov və b.) mücadiləsini və milli-mənəvi potensialın formalaşmasında bu ali məktəbin rolunu ətraflı şərh edib.
Beş bölmədən ibarət nəşr “Ali Pedaqoji İnstitutun tarixçəsi” ilə başlanır. Burada institutun ilk direktoru Fətulla bəy Rzabəylinin “Azərbaycan birinci dövlət türk Ali Pedaqoji İnstitutunun açılış tarixçəsinə dair”, A.Lukyanovanın “Ünas Ali Pedaqoji İnstitutunun surət-i təşkili və davamı” və Nümunə məktəbinin müdiri Qafur Əfəndizadənin məruzəsi əsasında tərtib olunmuş “Nümunə məktəbinin tarixçəsi” məqalələri verilib.
Məcmuənin “Təşkilati və idarə işləri” bölməsində Səfər Ramazanzadənin “Ali Pedaqoji İnstitutun tələbə təşkilatı”, Feyzi Məhəmmədzadənin “İnstitutun Kommunist Gənclər İttifaqı özəyi”, “Nümunə məktəbinin təşkilat və idarəsi” məqalələri öz əksini tapıb.
“Tərbiyə və tədris işləri” bölməsində “Ali Pedaqoji İnstitutun Ədəbiyyat şöbəsində nümunə dərsləri” (İ.Hikmət), “Ali Pedaqoji İnstitutun 1923-24 sənəsi hikmət-riyaziyyat şöbəsində riyaziyyatdan yapılan tətbiqat dərsləri haqqında izahat” (M.Əfəndizadə), “Təbiət şöbəsində nümunə dərsləri” (E.Rəhimov), “Ali Ünas Pedaqoji İnstitutunda tərbiyə işləri” (A.Lukyanova), “Müvəffəqiyyətin sirləri” (X.Fikrət) məqalələri toplanıb.
Oxucu “İnstitutun gələcəyi” bölməsində Nəriman Nərimanovun “Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub”u, Xalq maarif komissarı Mustafa Quliyevin “Məzunlara xitab”ı ilə tanış ola bilər. Burada A.Əfəndizadənin (Azaqbəyli) “İctimai həyatda ali pedaqoji təhsilin və azərilər üçün Azərbaycan Ali Pedaqoji İnstitutunun əhəmiyyəti”, E.Rəhimovun “Doğru vədələr”, A.Şaiqin “İnstitut və Azərbaycan” məqalələri də yer alıb. Bununla yanaşı, məcmuəyə institutun fars ədəbiyyatı tarixi müəllimi Mirzə Möhsünün “Məzun talibə və tələbələrə bir xatirə”, Təbiət şöbəsinin məzunu Əbdülrəşid Əfəndizadənin “Məsul vəzifə qarşısında”, Ədəbiyyat şöbəsinin məzunu H.Surxayın “Vəzifəmiz” yazıları daxil edilib.
Nəşrin “Duyğular və xatirələr” bölməsində Fatma Tutayevanın, İsmayıl Novruzinin, Qafur Rəşadın, Heydər Verdiyevin, Cavad Cuvarlının, Xədicə Qazızadənin, Sübhanverdi Xanzadənin, E.Tahizin və Atababa Musaxanlının məzunlara təbrikləri verilib, xatirələr paylaşılıb. Həmçinin “Ali darülmüəllimat məzunlarına ithaf” (Fatma Tutayeva) və “İlk fatehlərə!” (Nəsir Quluzadə) şeirləri yer alıb.
Kitabda Ali Pedaqoji İnstitutun üçillik fəaliyyəti ilə bağlı 46 şəkil, habelə 300-ə yaxın ərəb-fars mənşəli sözün izahı verilib.

Tehsil-press.az



Oxşar xəbərlər