“Soyuq müharibə” başlayır?

“Soyuq müharibə” başlayır? Politoloq Şahin Cəfərli ABŞ başda olmaqla 17 ölkənin rus diplomatlarını deport etməsini şərh edib.
Ş. Cəfərli ABŞ-ın bu qərarını sərt adlandırıb:
"Trampın Putinə təbrik zəngi Rusiya rəhbərliyini ümidləndirmişdi. Amma ABŞ-ın dünənki qərarı son 1,2 ildə Moskvada növbəti dəfə "Tramp məyusluğu"nun yaşanmasına səbəb oldu.
ABŞ Britaniya ilə həmrəylik əlaməti olaraq simvolik addım da ata bilərdi (Avropa Birliyi ölkələri kimi), amma Sietldəki Rusiya Baş Konsulluğunun bağlanması, 12-si BMT-də çalışan 60 Rusiya diplomat-kəşfiyyatçısının "istənilməyən şəxs" elan olunması sərt qərardır. Məsələn, ABŞ "soyuq müharibə" dövründə eyni anda bu sayda sovet diplomatik xidmət personalını ölkədən çıxarmamışdı. Artıq Tramp dövründə Rusiyanın ABŞ-dakı 4 Baş konsulluğundan 2-si (San Fransisko və Sietl) bağlanıb.
Ümumən, qəbul olunan qərarlara əsasən ABŞ və digər 17 ölkədən (15 AB üzvü, Kanada, Ukrayna) 100-dən çox Rusiya diplomatı çıxarılır.
Britaniya isə ölkə ərazisində rusiyalılar tərəfindən mənbəyi şübhəli olan pullarla alınmış əmlaka həbs qoymağa başlayıb. Yanvarın sonunda qüvvəyə minmiş "Kriminal maliyyə vəsaitləri haqqında" yeni qanuna əsasən dövlət orqanları 50 min funt sterlinqdən artıq dəyərdə əmlak, mal - mülk almış əcnəbilərdən gəlirlərinin mənbəyini soruşmaq hüququna malikdir. Bunu inandırıcı şəkildə izah edə bilməyənlərin əmlakına həbs qoyulacaq".

Tehsil-press.az

Oxşar xəbərlər