Qərbi Kaspi Universitetinin tələbələri alban abidələri ilə bağlı araşdırmalarda iştirak edəcəklər

Qərbi Kaspi Universitetinin tələbələri alban abidələri ilə bağlı araşdırmalarda iştirak edəcəklər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sabit Demokratiya Texnologiyaları” İctimai Birliyi tərəfindən “Erməni separatçılarının özününküləşdirməyə çalışdığı xristian alban abidələri və bunun arxasındakı siyasi hədəflər” adlı layihə həyata keçiriləcək. Layihədə Qərbi Kaspi Universitetinin müəllimləri ilə yanaşı, tələbələri də tədqiqatçı qismində iştirak edəcəklər.
Ermənilərin Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdə özününküləşdirdiyi abidələrin siyahısı tərtib olunduqdan sonra layihə iştirakçıları həmin abidələrin yerləşdiyi digər rayonlarda da (Tovuz, Daşkəsən, Qazax və Göygöl) arxiv materiallarını araşdıracaqlar. Həmçinin abidələrin yaranma tarixi, həmin dövrdə mövcud olan tarixi şərait də araşdırılacaq. Bu barədə bir neçə xarici dildə hesabat xarakterli araşdırma materialları hazırlanacaq. Həmin araşdırmalar ingilis və rus dillərinə tərcümə olunaraq bir sıra akademik dairələrdə və mediada yayımlanacaq.
Layihənin başlıca məqsədi Dağlıq Qarabağın etnik tərkibini və yerli xalqlar arasındakı münasibətləri, ermənilərin Qarabağa köçürülməsindən sonra yerli əhalinin zorla erməniləşdirilməsini araşdıraraq üzə çıxarmaqdır. Eyni zamanda, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın Dağlıq Qarabağda özününküləşdirməyə çalışdığı xritstian alban məbədlərinin arxasındakı siyasət tədqiq ediləcək və bunun beynəlxalq konvensiyalara zidd olduğu ictimailəşdiriləcək. İşğal altındakı rayonlar boşaldılana qədər qədim alban abidələrinin öz tarixi adları kimi təsdiq edilməsi üçün zəruri işlərin planı hazırlanacaq.
Sonda layihədə iştirak edən tarixçilər, siyasi ekspertlər və tələbələr tərəfindən birgə toplanmış materialların ətraflı müzakirəsi məqsədilə elmi konfrans təşkil olunacaq. Konfransın materialları çap olunacaq.
Layihə Qərbi Kaspi Universitetinin tələbələrinə təcrübəli tarixçilər və tədqiqatçılarla birgə işləmək imkanı qazandıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər