Azərbaycan Texniki Universitetində təhsil, texnologiya və biznes səyləri birləşdirilir

Azərbaycan Texniki Universitetində təhsil, texnologiya və biznes səyləri birləşdirilir Fevralın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maxtexno” və “ECOtech Solutions” şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Prorektor İlham Pirməmmədov “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən AzTU-da təhsil, texnologiya və biznes səylərinin birləşdirilməsi istiqamətində mühüm işlər aparıldığını söyləyib. Qeyd edib ki, bununla əlaqədar universitetin müvafiq fakültə və kafedralarında araşdırmalar aparılıb, bəzi istehsalat müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurulub. “Maxtexno” şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsinin inkişaf prosesinin bir hissəsi olduğunu deyən prorektor vurğulayıb ki, əsas hədəf elmlə biznes mühitinin yaxınlaşdırılması və inteqrasiyasıdır.
Görüşdə “Maxtexno” şirkətinin direktoru İlqar Cəfərov AzTU ilə imzalanan müqavilənin detallarına dair, “ECOtech Solutions” şirkətinin rəhbəri Fədai Abdullayev isə “Texnoparkların formalaşma mühiti” mövzusunda çıxış ediblər.
Qeyd olunub ki, müqaviləyə əsasən “Maxtexno” və “ECOtech Solutions” şirkətləri tərəfindən tələbələrə təmənnasız seminarlar keçiriləcək. Həmçinin layihə çərçivəsində yaxın zamanlarda AzTU-da yüksək standartlara cavab verən texnoparkın formalaşdırılması nəzərdə tutulub.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər