ADPU-da SƏLIS-in e-vətəndaş proqramının təqdimatı keçirilib

ADPU-da SƏLIS-in e-vətəndaş proqramının təqdimatı keçirilib Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLIS) e-vətəndaş proqramının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi, əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayıb və tədbirin keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşəkkür edib. Rektor bildirib ki, son vaxtlar ölkədə mövcud olan xidmətlərin daha əlçatan olması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Ölkədə elektron hökumətin qurulması istiqamətində ciddi addımlar atılır. Dövlət bu sahədə məqsədyönlü və səmərəli fəaliyyət göstərir. Bu da şəffaflığın və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. Elektron universitetlərin yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verirlər. QHT-lər idarəetmənin yaxşı bir modelidir. Onlar cəmiyyətin problemlərinin həllində fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin ideya və təşəbbüslərinin dəstəklənməsi sahəsində üzərinə düşən vəzifələri layiqincə və uğurla yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetinin kollektivinə uğurlar arzulayıb. Qeyd edib ki, müəllim hazırlığının mərkəzi hesab edilən ADPU bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bizim hər birimizin həyatında müəllimlər mühüm rol oynayırlar. ADPU-da həyata keçirilən islahatlar, yeniliklər, layihələr təqdirəlayiqdir.
Azay Quliyev çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezident cənab İlham Əliyevin elektron hökumətinin inkişafı, dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, fəaliyyətində şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq əmsalını yüksəltmək məqsədilə 2019-cu ildə 13 yeni elektron xidməti istifadəyə verməyi nəzərdə tutur. Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkə vətəndaşlarını qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı onlayn qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şura SƏLIS-in e-vətəndaş proqramını gerçəkləşdirir. Biz layihələrin elektron qəbul edilməsi və qiymətləndirilməsi prosesinə vətəndaşları cəlb etməyi planlaşdırırıq. Bu da öz növbəsində layihələrin qiymətləndirilməsində ictimai nəzarəti təmin edəcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin aparıcı məsləhətçisi Bəhram Bayramlının təqdimatında e-vətəndaş xidməti barədə hazırlanmış videoçarx nümayiş etdirilib, həmçinin Katibliyinin məsləhətçisi Elnur Bağırlının e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı dinlənilib, proqramdan istifadə qaydaları əyani nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarının proqramla bağlı sualları cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da SƏLIS-in e-vətəndaş proqramının təqdimatı keçirilib

ADPU-da SƏLIS-in e-vətəndaş proqramının təqdimatı keçirilib

Oxşar xəbərlər