İlahiyyat İnstitutunun müəlliminin kitabı nəşr olunub

İlahiyyat İnstitutunun müəlliminin kitabı nəşr olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiyada Orta əsrlər İslam fikrində din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilib. Orta əsrlər İslam rasional fikrinin təşəkkülü tarixi; rasional proseslər və din-fəlsəfə münasibətləri; Qurani-Kərimdə rasional düşüncə tərzinə, ağla verilən əhəmiyyət; Peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasional mənzərəsi; erkən İslam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu; qeyri-fəlsəfi rasional İslam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri; rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri; sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri; İslam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqədar ideya və konsepsiyalar təhlil olunub. Həmçinin müəllif məşşai filosofların din-fəlsəfə münasibətləri problemini həlli cəhdlərinin ilahiyyatçılar tərəfindən tənqid edilməsinin səbəblərini, din-fəlsəfə münasibətləri probleminə bəzi ənənəvi baxışların qeyri-obyektivliyini, İslam fikrində dinlə rasional təfəkkürün əksliyinin qeyri-mümkünlüyünü göstərib.
Aİİ-nin rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Ön söz”də qeyd edib ki, müəllif bu cür mürəkkəb problemi işləyərkən araşdırmanın elmi əhəmiyyətini artırmaq üçün Orta əsrlər İslam filosofları və mütəfəkkirlərinin, ilahiyyatçılarının mövzu ilə əlaqəli əsərlərindən istifadə edib, tutarlı müqayisələr aparıb, müddəalar irəli sürüb, bəzi qaranlıq məqamlara öz münasibətini bildirib. Həmçinin əsərin zəngin faktiki material və nəzəri ümumiləşdirmələri əhatə etdiyini və dinşünaslıq sahəsində İslam fikrində din-fəlsəfə münasibətləri probleminin nəzəri cəhətdən öyrənilməsinə həsr olunan tam tədqiqat işi olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər