Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi konfransda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi konfransda iştirak edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq ixtisası üzrə II kurs tələbəsi İsgəndər İsgəndərov Xəzər Universitetində “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda tələbə elmi konfransında iştirak edib.
İsgəndər İsgəndərov konfransda “Şəriətin məqsədləri (məqasid) təliminin mahiyyəti və ümumbəşəri əhəmiyyəti” mövzusunda çıxış edib. O, məruzəsində “məqasid” məfhumunun tərifi, təsnifatı, dini mətnlərin öyrənilməsi və bir sıra müasir problemlərin həllinin tapılması məsələlərindən danışıb. Qeyd edib ki, “Məqasid” təlimi İslamın mahiyyətini hərtərəfli başa düşməyi, onun mənbələrinə düzgün münasibət bəsləməyi təmin edə bilər.
Aİİ-nin tələbəsi İsgəndər İsgəndərovun məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, belə tədbirlərdə iştirak tələbələrin elmə marağının artırılmasında, nitq mədəniyyətinin formalaşdırılmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır. Azərbaycan İlahiyyat İnstitutunda müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlərin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, onların elmi fəaliyyətə marağının artırılması, bu yöndə onların fəallığına nail olunması və elmi axtarışlara sövq edilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər