“Post-sovet Azərbaycanında mədəni-milli kimlik”

“Post-sovet Azərbaycanında mədəni-milli kimlik” Bakı Slavyan Universitetində BSU-nun, Böyük Britaniyanın Kembric Universitetinin və Almaniyanın Berlin-Humboldt Universitetinin birgə təşkilatçılığı ilə “Post-sovet Azərbaycanında mədəni-milli kimlik” mövzusunda elmi konfransın açılış mərasimi keçirilib.
Konfransın açılışında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları salamlayıb, konfransın gündəliyi və qarşıda duran məsələlər barədə məlumat verib. O, Azərbaycanın müstəqillik dönəmində mənəvi dəyərləri bərpa etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Rektor Azərbaycan Respublikasının qurucusu Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz milli-mənəvi dəyərlərin dayandığını, azərbaycançılıq ideyasının əsas götürüldüyünü qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ənənələri daha da inkişaf etdirdiyini, məhz dövlət başçısının sərancamları ilə milli-mədəni kimlik məsələsinin dövlətçilik siyasətinin tərkib hissəsinə çevrildiyini qeyd edib. N.Əliyeva konfransın mövzuları barədə qısa məlumat verərək, onun öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəyini bildirib.
BSU-nun prefessoru Rəhilə Qeybullayeva konfransın xüsusi layihə üzrə baş tutduğunu və onun növbəti mərhələlərinin də olacağını bildirib. O, konfransda tədqiq olunan mövzuların rəngarəng olduğunu, burada dini dəyərlərdən tutmuş musiqiyədək bir çox mövzuların araşdırıldığını qeyd edib.
Sonra AMEA-nın humanitar bölməsinin rəhbəri, M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək konfransın əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayıb. O, milli-mədəni kimlik məsələsinin müstəqillik dövründə formalaşmış azərbaycançılıq ideyasının əsasını təşkil etdiyini bildirib. Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Azərbaycanda milli-mədəni kimlik məsələsinin tarixinə baş vuraraq, onun zaman-zaman dəyişildiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasında milli-mədəni kimliyin xüsusi önəmi barədə məlumat verib.
Daha sonra Berlin-Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria Aux və Kembric Universitetinin professoru Çarlz Melvil çıxış ediblər. Qonaqlar belə bir ciddi mövzunun gündəmə gətirilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Konfrans həmin gün öz işini bölmələr üzrə davam etdirib. Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlının rəhbərliyi altında keçirilən birinci bölmənin iclasında “Milli kimliklərin dəyişməsi dövrü”, Kembric Universitetinin professoru Çarlaz Melvilin sədrliyi altında keçən ikinci bölmənin iclasında isə “Yeni milli-mədəni kimliklərin formalaşması dövrü” mövzuları müzakirə edilib. Konfransın ikinci günü üçüncü bölmədə “Post-sovet Azərbaycanında tarixi normativlər və mədəniyyət quruculuğu” məsələsi ətrafında diskussiyalar aparılacaq.

BSU-nun Mətbuat xidməti


“Post-sovet Azərbaycanında mədəni-milli kimlik”

“Post-sovet Azərbaycanında mədəni-milli kimlik”

Oxşar xəbərlər