İstanbul Su və Kanalizasiya İdarəsinin nümayəndə heyəti AzMİU-da olub

İstanbul Su və Kanalizasiya İdarəsinin nümayəndə heyəti AzMİU-da olub Türkiyənin İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olub.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, büstü önünə gül dəstələri düzüb. Qonaqlar Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova rəhbəri olduğu universitetin Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrindən danışıb. Dünyada su böhranı fonunda meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasına tələbatın böyük olduğunu, bu sahədə peşəkar mütəxəssislərin yetişməsinə önəm verildiyini qeyd edib.
İstanbul Su və Kanalizasiya İdarəsi ilə əməkdaşlıq çərçivəsində hər il AzMİU tələbələrinin İSKİ-nin müxtəlif qurumlarında təcrübə keçdiyinə diqqət çəkən rektor gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyinə toxunub.
İSKİ-nin şöbə müdiri Kurtuluş Gemicioğlu Türkiyə-Azərbaycan qardaşlığından danışıb. Qonaq İSKİ-nin AzMİU ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Təmsil etdiyi qurumun Türkiyədə apardığı su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi tədbirlərindən söz açıb.
Daha sonra AzMİU və İSKİ barədə təqdimatlar edilib, “İSKİ 90 il” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Kurtuluş Gemicioğlu rəhbərlik etdiyi nümayəndə heyətinə İSKİ-nin şöbə müdirləri Secaattin Varer, Özlem Karaca, Enerjinin idarə olunması şöbəsinin müdiri Osman Tamer Sönmez, Samet Kıran, Ömer Turaşlı, Uğur Örün, Mehmet Fatih Kayın daxildir.
Nümayəndə heyətinin səfəri noyabrın 3-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər