15 noyabr – Dünya Fəlsəfə Günüdür

15 noyabr – Dünya Fəlsəfə Günüdür Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd edilir.
UNESCO-nun baş direktoru Odri Azule Dünya Fəlsəfə Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir ki, üç min il əvvəl Çində, Yaxın Şərqdə və Yunanıstanda elm kimi meydana çıxan fəlsəfədə qoyulmuş suallar bu gün - qeyri-müəyyənləyin hökm sürdüyü, qlobal problemlərin mövcud olduğu dünyada öz aktuallığını saxlayır. Çünki fəlsəfə insana gündəlik hadisələrin sıxıntısından azad olmağa, problemlərə tarixi perspektivlər nöqteyi-nəzərindən baxmağa və müvafiq intellektual potensiala əsaslanmağa kömək edir. Fəlsəfə insanlara biologiya, genetika, informatika, koqnivistika, hüquq, iqtisadiyyat, politologiya və digər sahələrdə əldə edilmiş bilikləri hamı üçün anlaşıqlı dildə ümumiləşdirməyə və şərh etməyə imkan yaradır. Fəlsəfə bu cür biliklər arasından bilavasitə insana aid olan mahiyyət, prinsip və normaları, eləcə də ədalət, sülh, etika və mənəviyyat məsələlərini dəyərləndirməyə və təhlil etməyə kömək edir.
Müraciətdə qeyd olunur ki, hazırda süni intellekt sahəsində əldə edilmiş uğurlar insanın daha nələrə qadir olması sualını görünməmiş dərəcədə aktuallaşdırır. Fəlsəfə, həmçinin müəyyən fəaliyyət tərzini və həyat mövqeyini, məsələn, dialoqa və fikir mübadiləsinə açıq olmaq, adidən fərqli olanı qəbul etməyə hazır olmaq, stereotiplərə qarşı intellektual cəsarət göstərmək və digər məsələləri nəzərdə tutur.
UNESCO-nun baş direktorunun müraciətinin geniş mətni ilə bu təşkilatın saytında tanış olmaq mümkündür.
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Azərbaycanın fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi yer tutur. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.

Tehsil-press.az



Oxşar xəbərlər