AzMİU-nun inşaat fakültəsinin 30-dan artıq məzunu xarici ölkə universitetlərinin magistraturasına daxil olub

AzMİU-nun inşaat fakültəsinin 30-dan artıq məzunu xarici ölkə universitetlərinin magistraturasına daxil olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsinin məzunları respublikanın ən mühüm tikinti və sənaye sahələrində çalışaraq, Vətənimizin rifahı naminə öz bilik və bacarıqlarını əsirgəmirlər. Son illər ölkəmizin sürətli iqtisadi inkişafında, aparılan abadlıq, quruculuq və yenidənqurma işlərində inşaat mühəndislərinin rolu danılmazdır.
Bu barədə fakültənin dekanı Hikmət Məmmədov müsahibəsində bildirib.
-Fakültəyə rəhbərlik etdiyim son 10 ildə Azərbaycan təhsil sisteminin xarici ölkələrin qabaqcıl təhsil sistemlərinə inteqrasiyası və əməkdaşlığı barədə işlər görməyə başlanılıb. AZMİU ilə İstanbul Texniki Universiteti arasında 2008-ci il noyabrın 28-də əməkdaşlıq protokolları imzalanıb, sonrakı illərdə isə bu əməkdaşlıq elm, tədris və mədəni əlaqələr sahəsində əməkdaşlığa çevrilib. İstanbul Texniki Universiteti ilə AzMİU arasında ikili diplomla bağlı beynəlxalq layihə imzalanıb. Hazırda inşaat fakültəsində təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Həmçinin bu gün inşaat fakültəsində elm və təhsildə xidmətləri olan bir çox alimlər çalışır, 72 müəllimin 6-sı professor, 3–ü elmlər doktorudur.
Tələbələrimiz bakalavr təhsil səviyyəsini bitirdikdən sonra xarici ölkələrin magistraturasına üz tutur. 2017-2018–ci tədris ilində universitetin inşaat fakültəsinin bakalavr pilləsini bitirən 30-dan artıq tələbə Kanada, Polşa, Macarıstan, Almaniya, Türkiyə, Çin, Portuqaliya və digər ölkələrin aparıcı texniki universitetlərinə magistraturaya daxil olub və ya bağlanmış müqaviləyə əsasən təhsillərini davam etdirir. Universitetin magistraturasını bitirmiş məzunlar da müxtəlif dövlət qurumlarında və şirkətlərdə, eləcə də bu təhsil ocağında müəllim kimi çalışırlar. Dördüncü kursu bitirən 30-dan artıq tələbə xarici ölkələrin magistraturasında təhsillərini davam etdirir. Bir tələbəmizi BP şirkəti ayda 1500 manat maaşla işə götürüb. Eyni zamanda, onu BP-də işləmək şərtilə təhsilini davam etdirmək üçün İngiltərəyə göndərib.
-Məzunların işlə təminatı məsələsində dekanlıq tərəfdən hər hansı kömək göstərilirmi?
-Fakültəmizin ixtisas kafedralarında çalışan müəllimlərin əksəriyyətinin özəl şirkətləri var. Əksər tələbələr bu şirkətlərdə təcrübə keçirlər. Bundan əlavə, AzMİU-da “Təcrübə və karyera” şöbəsi fəaliyyət göstərir. Tələbələr 8–ci semestrdə, 14 həftə istehsalat təcrübəsi keçmək üçün Bakıda və bölgələrdə olan aparıcı inşaat şirkətlərinə öz seçimləri əsasında göndərilirlər. Burada əsas məqsədlərdən biri həm buraxılış işini yerinə yetirmək üçün material yığmaq, həm də yeni iş yeri qazanmaqdır.
-Fakültənin beynəlxalq təhsil əlaqələri barədə nə deyə bilərsiniz?
-Bina və qurğuların zəlzələyə davamlılığı sahəsində universitetimizə Almaniyadan mütəxəssis gəlmişdi. Ukraynadan dəvət olunmuş inşaat mütəxəssisi ilə birgə seminar keçirdik. Bu günlərdə isə Moldovada keçirilən buraxılış işləri ilə bağlı beynəlxalq sərgidə fakültəmizin tələbələri 2-ci və 3-cü dərəcəli diplomlar qazanıblar. Hazırda əsas diqqət laboratoriya bazalarının yaradılmasına yönəlib. Fakültəmiz hər tədris ilində gördüyü işlərlə bağlı beynəlxalq konfranslar, eləcə də respublika əhəmiyyətli tədbirlər keçirir.
- Tələbələrin tədris prosesində müasir texniki vasitələrlə təminatı nə vəziyyətdədir?
-Fakültədə olan 14 auditoriyadan 9-u İKT ilə tam təmin edilib. Əvvəllər bir binanın layihəsinin hazırlanması üçün 10 gün vaxt tələb olunurdusa, indi bir neçə gün kifayət edir. Fakültədə fəaliyyət göstərən elmi şuranın işində tələbələr də iştirak edirlər. İndi tələbənin ixtiyarı var ki, özü üçün sərbəst tədris planı tərtib etsin. Bundan başqa, tələbəyə sərbəst şəkildə müəllim seçmək hüququ verilib. Bundan başqa, tələbələrdən kimsə müəllimdən narazı olduğu halda, bu məsələ müzakirəyə çıxarılır. Tələbəyə öz fikirlərini tam ifadə etmək üçün şərait yaradılır.
-Fakültədə tətbiq edilən yeniliklərdən danışdıq. Bəs sizi bir dekan kimi hansı problemlər narahat edir?
-Təbii ki, iş olan yerdə problem də olur. Hesab edirəm ki, fakültədə ingilis dilli müəllimlərin sayı və keyfiyyəti istənilən səviyyədə deyil. Odur ki, bununla bağlı proqram qəbul edilib. Universitet rektorunun əmri ilə ingilis dili kursları açılıb. Kim istəyirsə, dərsdən sonra dil öyrənə bilər. Magistraturanı əla qiymətlərlə bitirən tələbələr fakültədə müəllim kimi saxlanılırlar. Son 2 ildə fakültənin yetişdirməsi olan 6-7 tələbə artıq dərs deyir. Bu gün “İnşaat konstruksiyaları”, “Bina və qurğuların istismarı və rekonstruksiyası”, “Bünövrələr, özüllər və yeraltı qurğular” kafedralarının nəzdində yeni laboratoriyalar yaradırıq. Həmçinin xaricdə ingilis dilində istifadə olunan dərslikləri Azərbaycan dilinə tərcümə edirik.
-Hikmət müəllim, siz həm də təcrübəli inşaatçısınız. Müasir şəhərsalmada yeni şəhərsalma doktrinası nədən ibarətdir və burada hansı aktual məsələlər öz əksini tapmalıdır?
-Bilirsiniz, müasir şəhərsalma həmişə problemdir, bu gün də problem olaraq qalır. Burada əsas məsələ odur ki, yaşayış, istehsalat və sənaye sahələri gərək bir-birindən müəyyən məsafədə yerləşdirilsin və iqlim şəraitinə uyğun planlaşdırılsın. Məsələn, müasir şəhərlərdə qış aylarında binaları qızdırmaq üçün böyük qazanxanalar tikilir. Bu qazanxanaların Bakı kimi şəhərdə cənub tərəfdə tikilməsi məqsədəuyğun olardı ki, tüstünü şimal küləyi dənizə tərəf aparsın. Qazanxanalar şimal tərəfdə tikildiyi halda oradan çıxan tüstü şəhərə daxil olacaq. Şəhərsalmada parkların yerləşdirilməsi də əsas məsələlərdən biridir. Çünki parklarda əkilən ağaclar kifayət qədər oksigen istehsal edir. Bundan başqa, şəhəri sel sularından qorumaq lazımdır. Yeni şəhərsalmadan söhbət gedirsə, həmin ərazi tikintiyə hazırlanmalıdır. Şəhərin ümumi ərazisində müəyyən maililik olmalıdır ki, yağış və sel suları kanalizasiya vasitəsilə axıb getsin. Məlum səbəblərə görə, şəhərə çox yaxın yerlərdə ət kombinatı tikmək tövsiyə olunmur. Eyni zamanda, adambaşına düşən yaşıllıq norması gözlənilməlidir. Ərazinin 20-30 faizini küçələr təşkil etməlidir, hazırda bu rəqəm Bakıda 8 faizdir. Şəhərsalmanın ən ümdə problemlərindən biri də onun enerji ilə təminatıdır. Şəhərsalmada küçələrdə hava axınının yaradılması mühüm şərtlərdən biridir. Evlər biri digərinin üzərinə kölgə salmalı deyil, həmçinin binalar aralarındakı məsafə yerindən asılı olaraq 0,5H – H qədər qəbul olunur. Şəhərsalma vətəndaşların həyatı, rahatlığı, təhlükəsizliyinin təminatı deməkdir. Onu da deyim ki, şəhərsalma baxımından Azərbaycan region ölkələrindən xeyli öndədir.
-Şəhərsalmada tikinti layihələri ekspertizadan keçirildiyi təqdirdə əsasən hansı məqamlara diqqət yetirilir?
-Ekspertiza keçiriləndə Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın layihəyə uyğun tikilməsi və onun dayanıqlılığı, zəlzələyə davamlılığı yoxlanılır. Belə ki, xüsusi cihazlar vasitəsilə süni zəlzələ yaradılır və binanın möhkəmliyi müəyyən edilir. Bu işləri inşaat fakültəsinin “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasının müəllimlərinin rəhbərliyi altında yaradılmış qrup yerinə yetirir. Binanın memarlıq kompozisiyası da nəzərə alınmalı, əhalinin sıxlığına da diqqət yetirilməlidir. Şəhərsalmanın əsas prinsiplərindən biri də şəhərdə enerji daşıyıcılarının normal verilməsidir. Bu, çox önəmli məsələdir. Ümumiyyətlə, şəhərə kənardan baxanda insan istirahət etməli, mənəvi qida almalıdır.

AzMIU-nun Mtbuat Xidmti



Oxşar xəbərlər