Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi öyrənilir

Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi öyrənilir Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Ulu öndər Heydər Əliyevin dövlətçilik irsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş daxili işlər orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev konfransda çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və hər kəsə nümunə olan çoxşaxəli fəaliyyətində təhsilin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinin xüsusi yer tutduğunu deyib. Qeyd olunub ki, Ulu Öndər bu məsələlərin strateji roluna xüsusi diqqət yetirib, bu işin Vətənin, xalqın tərəqqisində rolunu yüksək qiymətləndirib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının fəaliyyətini diqqət mərkəzində saxlayaraq onun yüksək ixtisaslı kadrlarla təminatına, ali hüquq təhsili olan peşəkarların bu orqanlarda yer tutmasına diqqət və qayğı göstərib. Polis Akademiyasının bugünkü səviyyəyə çatmasında müdrik, uzaqgörən şəxsiyyətin əvəzsiz xidmətləri var.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət quruculuğu və hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Əli Şəfiyev, DİN Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Baba Salayev, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov və başqaları çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər