Memarlıq və İnşaat Universitetinin məzunu şəhid Ramil Ağayevin xatirəsi anılıb

Memarlıq və İnşaat Universitetinin məzunu şəhid Ramil Ağayevin xatirəsi anılıb Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin məzunu Ramil Ağayevin bu gün şəhadətə yüksəldiyi gündür. Bu münasibətlə şəhidin məzun olduğu fakültədə anım mərasimi keçirilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra Ramil Ağayevin Memarlıq fakültəsindəki qorelyefinə tər qərənfillər düzülüb.
Tədbiri giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova Ramilin şərəfli ömür yolundan, tələbəlik illərindən, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, nümunəvi tələbə kimi yaddaşlarda qalan Ramili həm də vətənpərvər, qorxmaz, qeyrətli oğul kimi yetişdirən valideynlərinə təşəkkür edib, onlara başsağlığı verib.
Tədris işləri üzrə prorektor Akif Qasımov xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyan, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazan Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yaddaşlarda əbədi qalacağını vurğulayıb. Onların ömür yolunun hər bir gəncimiz üçün örnək olduğunu deyən prorektor tələbələrə qəhrəmanlarımız kimi mərd, cəsarətli, Vətənini, torpağını onlar kimi sevməyi tövsiyə edib.
Qeyd edək ki, Memarlıq fakültəsinin dekan müavini Həsən Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov bu gün ildönümü mərasimində iştirak etmək üçün Ramilin dəfn olduğu Sabirabad rayonunda olublar, şəhidin məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar, valideynlərinə başsağlığı veriblər.

Tehsil-press.az


Oxşar xəbərlər